Piylənmə, bədəndə həddindən artıq piy yığılması ilə xarakterizə olunan ciddi xroniki xəstəlikdir. Bu vəziyyət, müxtəlif sağlamlıq problemlərinə yol açaraq, həyat keyfiyyətini əhəmiyyətli dərəcədə azalda bilər. Piylənmənin dəqiq diaqnostikası, effektiv müalicə və qarşısının alınması üçün vacibdir.
Piylənmənin Diaqnostikası
Piylənmənin diaqnostikası, bir neçə əsas metod və göstəricilər əsasında aparılır:
Bədən Kütlə İndeksi (BKİ): BKİ, çəkinin (kq) boyun (m²) kvadratına bölünməsi ilə hesablanır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təsnifatına görə:
- Normal çəki: BKİ 18.5–24.9
- Artıq çəki: BKİ 25.0–29.9
- Piylənmə: BKİ 30.0 və yuxarı
BKİ göstəricisi 30 və ya daha yüksək olan şəxslər piylənmə diaqnozu alırlar. Bu metod sadə və geniş istifadə olunsa da, bədən yağının paylanması və əzələ kütləsini nəzərə almır.
Bel çevrəsinin ölçülməsi: Piylənmənin risklərini daha dəqiq qiymətləndirmək üçün bel çevrəsi ölçülür. ÜST-nin məlumatına görə, kişilərdə bel çevrəsinin 94 sm-dən, qadınlarda isə 80 sm-dən çox olması ürək-damar xəstəlikləri və şəkərli diabet riskini artırır. Kişilərdə 102 sm, qadınlarda isə 88 sm-dən yuxarı bel çevrəsi bu risklərin daha da yüksəldiyini göstərir.
Piy toxumasının paylanması: Piylənmənin təsnifatında piy toxumasının bədəndə paylanması da önəmlidir. “Alma” tipli piylənmədə yağ qarın nahiyəsində (abdominal piylənmə), “armud” tipli piylənmədə isə omba və bud nahiyəsində toplanır. Abdominal piylənmə, metabolik sindrom və ürək-damar xəstəlikləri riski ilə daha çox əlaqələndirilir.
Laborator müayinələr: Piylənmə ilə əlaqəli metabolik və hormonal pozğunluqları aşkar etmək üçün bir sıra laborator testlər aparılır:
Lipid profili: Triqliseridlərin, ümumi xolesterinin və yüksək sıxlıqlı lipoproteidlərin (HDL) səviyyələri ölçülür. Triqliseridlərin ≥150 mq/dl, HDL-nin isə <40 mq/dl olması dislipidemiyanı göstərə bilər.
Qlükoza səviyyəsi: Açlıq plazma qlükoza səviyyəsinin >5.6 mmol/l olması insulin müqaviməti və tip 2 şəkərli diabet riskini göstərə bilər.
Hormon analizləri: Tiroid hormonları (TSH, T4), kortizol və cinsiyyət hormonlarının səviyyələri ölçülərək, endokrin pozğunluqlar (məsələn, hipotiroidizm, Kuşinq sindromu) istisna edilir.
Anamnez və fiziki müayinə: Xəstənin qidalanma vərdişləri, fiziki aktivlik səviyyəsi, ailə anamnezi və mövcud xəstəlikləri haqqında məlumat toplanır. Fiziki müayinə zamanı dərialtı piy toxumasının paylanması, dəridə striyalar, hipertoniya və digər piylənmə ilə əlaqəli əlamətlər qiymətləndirilir.
Təsviri diaqnostik metodlar: Bəzi hallarda, bədən yağının miqdarı və paylanmasını dəqiq müəyyən etmək üçün təsviri diaqnostik metodlardan istifadə olunur:
Dual-Energy X-ray Absorptiometry (DEXA): Bu metod bədən yağının, əzələ və sümük kütləsinin dəqiq ölçülməsini təmin edir.
Bioelektrik impendans analizi: Bədən toxumalarının elektrik keçiriciliyinə əsaslanaraq, yağ kütləsinin faizini təyin edir.
Maqnit-rezonans tomoqrafiya (MRT) və kompüter tomoqrafiyası (KT): Bu metodlar vasitəsilə visceral və subkutan piy toxumasının paylanması qiymətləndirilir.